AMGK

 

Azərbaycan Milli Geofizika Komitəsi

Ana səhifə          Tədbirlər            Büro üzvləri       AMGK üzvləri     Əlaqə
                                                          Az  En

    

 

   Azərbaycan Milli Geofizika Komitəsi (AMGK) 28 oktyabr 1993-cü ildə yaradılmışdır. AMGK-nin nizamnaməsinə uyğun olaraq komitənin fəaliyyəti Yer qabığı və litosferdə gedən geodinamik proseslərin öyrənilməsini, yer təkində mineral-enerji resurslarının proqnozunu, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatının səmərəli metodikasının hazırlanmasını, Azərbaycan geofizikasının Beynəlxalq geofiziki cəmiyyətlərə inteqrasiyasını təmin etməyi, müxtəlif xarakterli tədqiqat işlərinin aparılmasını, beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və seminarların və s. təşkilini əhatə edir.

Azərbaycan Milli Geofizika Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycanın neftqaz  geologiyası və geofizikasının aktual problemlərinə aid müxtəlif təyinatlı tematik işlərin yerinə yetirilməsidir və bu işlər aşağıdakıları daxil edir:

-      Azərbaycanda Mezokaynozoy çöküntüləri üzrə petrofiziki tədqiqatlar Atlası; 24 000 suxur analizi əsasında düzəldilmiş bu atlasda 20-yə qədər petrofiziki parametr üzrə məlumat var.

-       Azərbaycan və Xəzər dənizi neftli-qazlı hövzəsi üzrə Mezokaynozoy çöküntülərinin elastiklik və sürət modelləri atlası.

-       Azərbaycanın neftli-qazlı depressiya zonalarının terrigen çöküntüləri üzrə termobarik parametrlər atlası. Dəniz və quru ərazilərini əhatə edən bu atlas çoxsaylı quyu məlumatlarını, bir sıra qanunauyğunluqları və müəyyən tövsiyələri əks edir.

-       Naxçıvan  MR üzrə təbii sərvətlər  və faydalı qazıntılar atlası. 50-dən artıq xəritəni və müvafiq izahat yazısını əhatə edən bu atlas geoloji-geofiziki təyinatlı xəritələrlə yanaşı, digər xəritələri (torpaqşünaslıq, iqlim və s.) də əhatə edir.

-       Qaradəniz-Xəzər regional gömülmə zonasının dərinlik quruluşu xəritəsi. Gürcüstan, Azərbaycan və Qərbi Türkmənistan ərazilərini əhatə edən bu xəritə regional tektonik vahidləri uzlaşdıraraq, müxtəlif çöküntü komplekslərin struktur  vəziyyətini əks edir.

-       Azərbaycanın quru və dəniz əraziləri üzrə tektonik və neftqazrayonlaşdırma xəritələri.

      AMGK-nin fəaliyyəti çərçivəsində vacib istiqamətlərdən biri - artıq ənənə şəklini almış Azərbaycan Beynəlxalq geofizika konfranslarının keçirilməsidir. İki ildən bir keçirilən bu konfranslarda neft və qaz geologiyası və geofizikasının aktual problemləri, tematik və regional xarakterli məsələlər müzakirəyə qoyulur. Amerikanın kəşfiyyatçı geofizikləri (SEG) cəmiyyətinin də qatıldığı bu konfranslarda Azərbaycan və dünyanın onlarca ölkələrinin aparıcı alim və mütəxəssisləri iştirak edərək gələcək birgə işlər barədə tövsiyələr hazırlayır.

        Bu silsilə konfranslardan birincisi 1996-cı ildə, sonuncu – VI isə 2007-ci ilin oktyabr ayında keçirilmişdir. Növbəti VII konfransın 2010-cu ilin may ayında keçirilməsi nəzərdə tutulur. Konfransların şifahi və stend sessiyalarından ibarət olan proqramları geofizika və geologiyanın müxtəlif  bölmələrini əks edir, onlarla məruzələr dinlənilir. Yüksək səviyyədə keçirilən bu konfranslarda Azərbaycan geofiziklərinin nailiyyətləri ilə yanaşı dünyanın aparıcı neft ölkələri və şirkətlərinin də elmi və texnoloji nəticələri müzakirə edilir və geofiziki tədqiqatların beynəlxalq inteqrasiyası üçün real zəmin yaradılır.

        AMGK tərəfindən həmçinin respublika əhəmiyyətli seminarlar təşkil olunur və bunlardan aşağıdakıları qeyd etmək olar:

-       Qeyri-antiklinal tələlərdə karbohidrogen yığımlarının geofiziki kəşfiyyat üsulları ilə proqnozlaşdırılması (noyabr, 1998)

-        Azərbaycanın neft yataqlarının işlənməsinə geofiziki kontrol (1998)

-        Zəlzələlərin geofiziki və geokimyəvi üsullarla proqnozu (noyabr, 1998)

-        Şapirovskinin xatirəsinə həsr edilmiş geofiziki mühazirələr seminarı (mart, 1999)

-        “Neft daşlarının açılmasının 50 illiyinə həsr olunmuş seminar” (noyabr, 1999)

-       Fövqəladə geoloji hadisələr (iyun, 2000) və s.

       1996-cı ildən AMGK-nin fəaliyyəti çərçivəsində Respublikada ilk dəfə olaraq periodik “Azərbaycanda geofizika yenilikləri” jurnalı nəşr edilir. Jurnalın redaksiya heyəti dərc edilən məqalə və yazıların yüksək elmi-texniki və poliqrafik səviyyəsinin qorunması üçün böyük səy göstərir. Jurnalda dərc olunan məqalələrin və xülasələrin üç dildə çap olunması onun əhatə dairəsini və oxucu auditoriyasını genişləndirərək dünyanın neft hasil edən ölkələrdə tanınmasına imkan yaradır.

        AMGK-nin fəaliyyəti həmçinin bir sıra elmi-tədqiqat, tədris və sorğu kitabı xarakterli işləmələr də əhatə edir:

-       Cənubi Xəzər çökəkliyi çökmə qatının neftqazlılıq perspektivləri (müəlliflər – K.M.Kərimov, R.R.Rəhmanov, M.B.Xeyirov)

-        Azərbaycan geofizikasının inkişafında xidməti olan geofiziklər haqqında “Kim kimdir” toplusunun nəşri

-        İngiliscə-Rusca-Azərbaycanca geofiziki terminlər lüğəti – Tərtibçi müəllif –elmlər doktoru Yusif Qəmbərov

        AMGK tərəfindən tələbələrlə iş çərçivəsində AMGK-nın tələbə bolməsinin fəaliyyət göstərməsi, ekskursiyaların keçirilməsi, ADNA-nın təhsildə fərqlənən tələbələri üçün təqaüdlərin  təyin edilməsi, ingilis dili və kompüter texnikasını öyrənmə kurslarının təşkili də nəzərdə tutulur.

         Görkəmli neftçi-geoloq və geofizik alimlərlə, gənc alim və dissertantlarla  görüşlərin keçirilməsi,  onlara göstərilən qayğının gücləndirilməsi AMGK-nın ən ümdə olan vəzifələrindəndir.

 

 

 

KONFRANS 2017.

 

 

 


 

 

 

 

 

 

 

1-3 noyabr 2017-ci il tarixində Azərbaycan Milli Geofizika Komitəsi - Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (AMGK-SEG) və Neft  Mühəndisləri Cəmiyyəti (SPE) birgə beynəlxalq konfrans keçirməyi planlaşdırırlar. X Azərbaycan Beynəlxalq Geofizika Konfransı “Cənubi Xəzər və oxşar çökəkliklərin karbohidrogen potensialının geofiziki tədqiqatlarla qiymətləndirilməsi” mövzusunda keçiriləcəkdir.

 

 

 

 

 

 

Ana səhifə    |    Tədbirlər    |    Büro üzvləri    |    AMGK üzvləri    |    Bizimlə əlaqə

© 2009 Azərbaycan Milli Geofizika Komitəsi. All rights reserved. Design by Akhmedzadeh E.M.