Azərbaycan Milli Geofizika Komitəsi
Azərbaycan Milli Geofizika Komitəsi (AMGK) 28 oktyabr 1993-cü ildə yaradılmışdır. AMGK-nin nizamnaməsinə uyğun olaraq komitənin fəaliyyəti Yer qabığı və litosferdə gedən geodinamik proseslərin öyrənilməsini, yer təkində mineral-enerji resurslarının proqnozunu, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatının səmərəli metodikasının hazırlanmasını, Azərbaycan geofizikasının Beynəlxalq geofiziki cəmiyyətlərə inteqrasiyasını təmin etməyi, müxtəlif xarakterli tədqiqat işlərinin aparılmasını, beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və seminarların və s. təşkilini əhatə edir. Azərbaycan Milli Geofizika Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycanın neft-qaz geologiyası və geofizikasının aktual problemlərinə aid müxtəlif təyinatlı tematik işlərin yerinə yetirilməsidir və bu işlər aşağıdakıları daxil edir: - Azərbaycanda Mezokaynozoy çöküntüləri üzrə petrofiziki tədqiqatlar Atlası; 24 000 suxur analizi əsasında düzəldilmiş bu atlasda 20-yə qədər petrofiziki parametr üzrə məlumat var. - Azərbaycan və Xəzər dənizi neftli-qazlı hövzəsi üzrə Mezokaynozoy çöküntülərinin elastiklik və sürət modelləri atlası. - Azərbaycanın neftli-qazlı depressiya zonalarının terrigen çöküntüləri üzrə termobarik parametrlər atlası. - Naxçıvan MR üzrə təbii sərvətlər və faydalı qazıntılar atlası. - Qaradəniz-Xəzər regional gömülmə zonasının dərinlik quruluşu xəritəsi. Azərbaycanın quru və dəniz əraziləri üzrə tektonik və neftqazrayonlaşdırma xəritələri. AMGK-nin fəaliyyəti çərçivəsində vacib istiqamətlərdən biri - artıq ənənə şəklini almış Azərbaycan Beynəlxalq geofizika konfranslarının keçirilməsidir. İki ildən bir keçirilən bu konfranslarda neft və qaz geologiyası və geofizikasının aktual problemləri, tematik və regional xarakterli məsələlər müzakirəyə qoyulur. Amerikanın kəşfiyyatçı geofizikləri (SEG) cəmiyyətinin də qatıldığı bu silsilə konfranslardan birincisi 1996-cı ildə, sonuncu – XI isə 16-18 oktyabr 2019-cu ildə keçirilmişdir. Konfransların şifahi və stend sessiyalarından ibarət olan proqramları geofizika və geologiyanın müxtəlif bölmələrini əks edir, onlarla məruzələr dinlənilir. Yüksək səviyyədə keçirilən bu konfranslarda Azərbaycan geofiziklərinin nailiyyətləri ilə yanaşı dünyanın aparıcı neft ölkələri və şirkətlərinin də elmi və texnoloji nəticələri müzakirə edilir və geofiziki tədqiqatların beynəlxalq inteqrasiyası üçün real zəmin yaradılır. AMGK tərəfindən həmçinin respublika əhəmiyyətli seminarlar təşkil olunmuşdur və bunlardan aşağıdakıları qeyd etmək olar: Qeyri-antiklinal tələlərdə karbohidrogen yığımlarının geofiziki kəşfiyyat üsulları ilə proqnozlaşdırılması (noyabr, 1998); Azərbaycanın neft yataqlarının işlənməsinə geofiziki kontrol (1998); “Neft daşlarının açılmasının 50 illiyinə həsr olunmuş seminar” (noyabr, 1999); Fövqəladə geoloji hadisələr (iyun, 2000); ADNSU-nun tələbələri ilə seminar-görüş (noyabr 2016); Veteran geofizik və geoloqların seminarı (iyun 2016); “Azərbaycanda neft geofizikasının inkişaf perspektivləri” (oktyabr 2018) və s. 1996-cı ildən AMGK-nin fəaliyyəti çərçivəsində Respublikada ilk dəfə olaraq periodik “Azərbaycanda geofizika yenilikləri” jurnalı nəşr edilir. Jurnalın redaksiya heyəti dərc edilən məqalə və yazıların yüksək elmi-texniki və poliqrafik səviyyəsinin qorunması üçün böyük səy göstərir. Jurnalda dərc olunan məqalələrin və xülasələrin üç dildə çap olunması onun əhatə dairəsini və oxucu auditoriyasını genişləndirərək dünyanın neft hasil edən ölkələrdə tanınmasına imkan yaradır. AMGK-nin fəaliyyəti həmçinin bir sıra elmi-tədqiqat, tədris və sorğu kitabı xarakterli işləmələr də əhatə etmişdir: “Cənubi Xəzər çökəkliyi çökmə qatının neftqazlılıq perspektivləri” (müəlliflər – K.M.Kərimov, R.R.Rəhmanov, M.B.Xeyirov); Azərbaycan geofizikasının inkişafında xidməti olan geofiziklər haqqında “Kim kimdir” toplusunun nəşri; İngiliscə-Rusca-Azərbaycanca geofiziki terminlər lüğəti – Tərtibçi müəllif –elmlər doktoru Yusif Qəmbərov. Azərbaycanın mürəkkəb geoloji quruluşlu regionlarında neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı, mədən geofiziki işləri, eləcə də mühəndisi geoloji işlər zamanı qaçılmaz texniki-texnoloji və geoloji mürəkkəbləşmələrin qarşısının alınması üçün müvafiq təlimat və qaydalara dəqiqliklə riayət olunması tələb olunduğundan, son illər ərzində AMGK-nin xətti ilə çalışan mütəxəssislər tərəfindən bir sıra təlimatlar işlənib-hazırlanmışdır ki, bunlardan aşağıdakıları qeyd etmək olar: - “Neft və qaz quyularında geofiziki tədqiqat və işlərin aparılması üzrə texniki təlimat” hazırlanmış və istehsalata tətbiq üçün təhvil verilmişdir; - “Seysmik kəşfiyyat üzrə təlimat”; - “Qəza-ləğvetmə prosesində geofiziki işlərin aparılma qaydaları”. Hal-hazırki dövrdə də, AMGK bu istiqamətdə öz fəaliyyətini davam etdirir.