X Azərbaycan Beynəlxalq Geofizika konfransı

1-3 noyabr 2017-ci il tarixində Bakıda gözəl bir məkanda X Azərbaycan Beynəlxalq Geofizika konfransı keçirilmişdir. Artıq ənənə şəklini almış bu tədbirin keçirilməsində Azərbaycan Milli Geofizika Komitəsi İB, SOCAR-ın Geofizika və Geologiya İdarəsi, ABŞ-ın Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (SEG), ABŞ-ın Neft Mühəndisləri cəmiyyəti (SPE), Respublikanın müvafiq geofiziki və geoloji qurumları, nüfuzlu beynəlxalq neft və geofiziki təşkilatları aktiv iştirak etmişdir.Konfransı giriş sözü ilə təşkilat komitəsinin sədri, GGİ-nin rəisi Elçin Şirinov açaraq nümayəndələri salamlamış, tədbir iştirakçılarına xoş ovqat və müvəffəqiyyətlər arzu etmişdir.

 

 

 

Azərbaycan Milli Geofizika Komitəsi İB-nin sədri Şahvələd Köçərli də konfrans iştirakçılarını salamlamış, bəzi prosedur qaydaların gerçəkləşməsi təfərrüatlarından danışmışdır.

Konfransın iclasları 4 seksiya çərçivəsində keçirilmişdir: GEOLOJİ VƏ GEOFİZİKİ TƏDQİQATLARIN İSTİQAMƏTLƏRİ, KƏŞFİYYAT GEOFİZİKASI SAHƏSİNDƏ TƏDQİQATLAR, MƏDƏN GEOFİZİKASI SAHƏSİNDƏ TƏDQİQATLAR, SEYSMOLOGİYA, GEODİNAMİKA VƏ EKOLOJİ SAHƏDƏ TƏDQİQATLAR. Şifahi sessiyada oxunmuş məruzələrin sayı 33, stend sessiyasındakı təqdimatlar isə 17 məruzə təşkil etmişdir.

 

 

 

 Qeyd edilməlidir ki, istər Azərbaycan, istərsə də beynəlxalq təşkilat və şirkətlərin nümayəndələri olduqca maraqlı məruzələrlə çıxış etmiş, dəyərli tövsiyyələr vermişlər.

Azərbaycandan olan məruzəçilərdən Pərviz Məmmədovun, Əkbər Feyzulayevin, Lalə Əbilhəsənovanın, Elxan İsgəndərovun, Əli Novruzov, Vaqif Qədirov və E.Ələskərovun, Çingiz Əliyevin, Qurban Yetirmişli və Hümbət Vəliyevin və s. məruzələri, xarici və əməliyyat şirkətlərindən A.Nikitin və E.Krasinskinin, A.Kukun, B.Tezkanın, Ş.Hənafinin, N.Abdullayev, G.Rayli və A.Cavadovanın, A.Qasımovun, A.Mennanın və b. məruzələri xüsusilə fərqlənmişdir.

 

 

 

 

Əvvəlki konfranslarla müqayisədə bu tədbirdə gənclərin, xüsusilə BP şirkətində çalışan gənclərin fəal iştirakını qeyd etmək lazımdır. Konfransın fasilələrində və tədbirin sonunda fikir mübadilələri keçirilmiş, geofizika və geologiyanın gələcək inkişaf perspektivləri barədə tövsiyyələr verilmişdir.

Konfransın materialları ilə www.amgk.az saytının ana səhifəsində tanış ola və yükləyə bilərsiniz.

Konfrans işini yekunlaşdırandan sonra, GGİ-nin akt salonunda SEG tərəfindən ilin ən yaxşı məruzəçisi sayılan Ş.Hənafinin tələbələr üçün məruzəsi dinlənilmişdir. XI Azərbaycan Beynəlxalq Geofizika Konfransının 2019-cu ilin noyabr ayında keçirilməsi qərara alınmışdır.