Neft geofizikasının gələcəyinə həsr olunmuş seminar
Kəşfiyyat və mədən geofiziki tədqiqatların rolu neft sənayesində həmişə yüksək qiymətləndirilmişdir. Bu gün Respublika iqtisadiyyatının əsas sütünlarından birinə çevrilmiş neftçıxarma prosesində geofizikanın adı böyük ehtiramla çəkilir.
İşlənmədə olan onlarca neft və qaz yataqlarının (o cümlədən, Azəri-Günəşli-Çıraq, Şahdəniz də daxil olmaqla) strukturları məhz seysmik kəşfiyyatla açılmış, yataqların kəsilişi, kollektorları və neftqazlılıqları quyu geofiziki tədqiqatları ilə öyrənilmişdir. Həmin proses indi də davam edir və gələcəkdə də davam edəcəkdir.
Lakin, Respublikada kəşfiyyat işlərinin son zamanlar aparıldığı ərazilərdə geoloji şəraitin mürəkkəbliyi və dərinliklərin kəskin surətdə artması, yeni tipli neft kollektorlarının meydana çıxması ilə əlaqədar geofiziki tədqiqtların effektliyinin daha da artırılması zərurəti yaranmışdır. Qeyri-antiklinal tipli tələlərin, mürəkkəb quruluşlu dağətəyi rayonların (Acınohur, Mərkəzi və Şimali Qobustan və s.) dəqiq öyrənilməsi və neftqazlılığın qiymətləndirilməsi problemləri də gündəmdə duran məsələlərdəndir.
Bu problemlərin bir çoxunun Respublika və beynəlxalq miqyaslı forumlarda müzakirə edilməsinə baxmayaraq, məqsədyönlü tədbirlərin hazırlanması da səmərəli olardı.
Deyilənlərlə əlaqədar olaraq, Geofizika və Geologiya İdarəsi (GGİ), Azərbaycan Milli Geofizika Komitəsi İB (AMGK İB) və “Azərbaycanda geofizika yenilikləri” jurnalının redaksiya heyəti 23 oktyabr 2018-ci ildə “Azərbaycanda neft geofizikasının inkişaf perspektivləri” mövzusunda seminar keçirmişlər. Seminarın işində Respublikanın 50-dən çox aparıcı geofizik və geoloq, alim və mütəxəssisləri, bir sıra xarici şirkət nümayəndələri iştirak etmişlər.
Seminarı giriş sözü ilə GGİ-nin rəisi Elçin Şirinov açmış, son illər ərzində Geofizika və Geologiya İdarəsinin əldə etdiyi nailiyyətlərdən və mövcud olan problemlərdən danışaraq qonaqlara səmərəli iş və uğurlar arzu etmişdir.
Seminarın işində SOCAR Geologiya və geofizika məsələləri üzrə vitse-prezidentin müşaviri Elçin Bağırov, SOCAR geologiya və geofizika şöbəsinin rəisi Fərhad İbadov, akademiklər Pərviz Məmmədov, Əkbər Feyzullayev, aparıcı alim və mütəxəssislərdən Şahvələd Köçərli, Novruz Əhmədov, Əli Novruzov, Hafiz Şəkərov, Kazım Həşimov, Rəhman Məmmədov, Akif Əhmədov, Hümbət Vəliyev və b. çıxış etmiş, əməli təkliflər irəli sürmüşlər.