AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ KƏŞFİYYATÇI GEOFİZİKLƏR CƏMİYYƏTİNİN (SEG) NÜMAYƏNDƏSİ M.A.KAPELLO TƏRƏFİNDƏN MƏRUZƏ
Amerika Birləşmiş Ştatlarının Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (SEG) tərəfindən 2018-ci il üçün ən yaxşı məruzəçi seçilmiş, SEG Qadınlar Cəmiyyətinin sədri, ABŞ-nın SPE Cəmiyyətinin Qadınlar Komitəsinin Məsləhətçisi xanım Maria Angela Kapello noyabrın 2-də Azərbaycanda neft sənayesində fəaliyyət göstərən mütəxəssis-qadınlarla görüş keçirmişdir. Görüş BP Xəzər Mərkəzində keçirilmişdir. Dünyanın müxtəlif bölgələrində çalışaraq 33 ildən artıq ömrünü geofizikaya həsr etmiş Maria Angela Kapello hal-hazırda Küveyt Neft Şirkətində məsləhətçi qismində çalışır, ümumilikdə 57 məqalə və 1 kitab müəllifidir.
Görüşdə SOCAR Geofizika və Geologiya İdarəsnin əməkdaşları – KGİB baş geoloqu Lalə Əbilhəsənova, İKTT şöbəsinin böyük mühəndisi Heyran Muradova, Kəşfiyyatgeofizika şöbəsinin böyük geofiziki Sevinc Hümbətova, Azneft İB əməkdaşları Sevinc Bağırova və Aynurə Şabanova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən gənc mütəxəssis Mələkə Ağayeva, xarici şirkətlərdən Aleksandra Kramtseva (Baker Huges), Nərmin Babayeva (BP) və ADNSU-nun fəal tələbələrindən Teyyubə Adıgözəlova və b. iştirak etmişlər.
Xanım M.A.Kapello neft sənayesində və xüsusilə də geofizika sahəsində qadınların rolu barədə bəhs etmiş, müxtəlif ölkələrdə qazandığı təcrübəsindən irəli gələrək
öz tövsiyyələrini vermişdir. GGİ-nin əməkdaşı Heyran Muradova iştirakçılar adından danışaraq xanım M.A.Kapelloya təşəkkür etdi, Azərbaycanın neft sənayesində minlərlə qadının məsuliyyətlə çalışdığını vurğulayaraq, bu sahədə qadınlara xüsusi diqqətin olduğunu qeyd etdi. Tədbirin sonunda iştirakçılar xatirə şəkili çəkdirdilər.
SEG nümayəndəsi M.A.Kapello noyabrın 2-si həmçinin Azərbaycan-Fransız Universitetində “Son illər geofiziklər qarşısında duran məslələr” başlıqlı məruzəsi ilə də çıxış etmişdir. Məruzədə akademik institutlarda geofizikləri neft sənayesinin hazırki tələblərinə uyğun hazırlanması, neft-qaz sənayesinin geofiziklərin peşəkarlığını maksimal dərəcədə üzə çıxarılması məsələlərinə toxunaraq, M.A.Kapello öz təcrübəsindən irəli gələn tövsiyyələrini gənc nəslə bildirdi. Məruzədə müxtəlif təhsil ocaqlarından gələn tələbələr fəal iştirak edərək, öz təklif və arzuları ilə bölüşdülər, məruzəçi xanıma təcrübəsindən irəli gələn tövsiyyələrinə görə təşəkkür etdilər.