XƏZƏR DƏNİZİ VƏ OXŞAR ƏRAZİLƏRİN KARBOHİDROGEN POTENSİALININ ÖYRƏNİLMƏSİNDƏ GEOFİZİKİ TƏDQİQATLARIN ROLU

      16-18 oktyabr 2019-cu il tarixində Bakıda Fairmont Bakı - Bakı Alov Qüllələri məkanında SPE-nin İllik Xəzər Texniki Konfransı keçirilmişdir. Beynəlxalq konfrans “Rəqəmsal transformasiya: Gələcəyə qapı açaq” ümumi başlıq altında keçirilmişdir. SPE-nin illik konfransı ilə birgə həmçinin EAGE-nin dəstəyi ilə Azərbaycan Neftçi-Geoloqlar Cəmiyyətinin konfransı və XI Azərbaycan Beynəlxalq Geofizika Konfransı yer almışdır. Konfrans Azərbaycan Milli Geofizika Komitəsi tərəfindən tərtib edilmiş texniki proqram əsasında 18 oktyabr tarixində ANGC-nin konfransı çərçivəsində keçirimişdir. Konfransda SOCAR GGİ və Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı mütəxəssisləri ilə yanaşı SOCAR geofizika və geologiya üzrə vitse-prezidentin müşaviri Elçin Bağırov, AMGK İB-nin sədri Şahvələd Köçərli, AMEA-nın həqiqi üzvü, geologiya-mineralogiya elmləri doktoru Pərviz Məmmədov, AMEA-nın həqiqi üzvü, geologiya-mineralogiya elmləri dokrtoru Əkbər Feyzullayev, SOCAR Geofizika və Geologiya İdarəsinin geofizika və geologiya üzrə rəis müavini Akif Əhmədov, SOCAR “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Geofizika Departamentinin rəisi Hafiz Şəkərov və digər mütəxəssislər yaxından iştirak etmişlər. Konfransda həmçinin Rusiya Federasiyanın dövlət və özəl təşkilatlarının nümayəndələri iştirak etmiş, təqdim edilən məruzələri diqqətlə dinləmiş və müzakirələrdə fəal iştirak etmişlər.

 


İlk məruzə ilə Geofizika və geologiya İdarəsinin geologiya üzrə rəis müavini A.M.Əhmədov çıxış etmişdir. O, son illərdə Respublikamızın ərazisində aparılmış regional tədqiqatlar əsasında alınmış məlumatlar barədə konfrans iştirakçılarına ətraflı məlumat vermiş və qeyd etmişdir ki, regional tədqiqatlar zamanı seçilmiş əlverişli müşahidə sistemi nəticəsində  tədqiqat sahələrində  geoloji kəsiliş Yura  çöküntülərinə qədər mərtəbə-mərtəbə öyrənilmiş, onu təşkil edən çöküntü kompleksinin yatım və toplanma şəraiti müəyyənləşdirilmiş, regionun hövzə modelinin qurulması, karbohidrogenlərin generasiya mənbələrinin və miqrasiya yollarının dəqiq proqnozlaşdırılması üçün etibarlı zəmin yaradılmışdır. Alınmış geoloji məlumatların dolğunluğunu  nəzərə alaraq, analoji tədqiqatların digər regionlarda, o cümlədən “quru-dəniz” keçid zonalarında tətbiqinin zəruriliyi konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır. AMEA-nın üzvləri P.Z.Məmmədov və Ə.Ə.Feyzullayevin çıxışlarını bir-birinin davamı kimi qiymətləndirmək mümkündür.  Belə ki, P.Z.Məmmədov Cənubi Xəzər meqa hövzəsinin geoloji inkişaf tarixi və  tektonik-sedimentasiya modeli barədə yeni baxışlar əsasında məlumat verdikdən sonra,  Ə.Ə. Feyzullayev bu hövzədə neft-qaz yataqlarının formalaşması və karbohidrogenlərin miqrasiya yolları barədə danışmışdır. B.S.Aslanov Yevlax-Ağcabədi çökəkliyində aparılmış seysmik tədqiqatların regional paleogeoloji təhlili  əsasında çökəkliyin  dərin tektonik xüsusiyyətləri,  ayrı-ayrı strukturların neft-qaz perspektivliyi barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.

 


T.R.Əhmədovun məruzəsi Rusiyanın “Panqeya” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işlənib- hazırlanmış  “Əksolunmaların Parametrik Açılması” üsulu ilə sürət analizinin  üstünlüklərinə həsr olunmuşdur. O, üsulun tətbiqi zamanı istifadə edilən təmas çevrilməsi sərhədinin ixtiyari forma və xarakteri üçün sürətin düzgün seçilməsinin təmin olunduğunu qeyd etmişdir. Əksolunmaların Parametrik Açılması  üsulunun prinsipial üstünlüyü barədə danışdıqdan sonra Hövsan-Zığ sahəsində üsulun tətbiqi ilə alınmış  nəticələri  təqdim olunmuşdur.

 


T.X.Niyazov seysmik kəşfiyyat üsulları ilə Mezozoydaxili çöküntülərin geoloji quruluşunun öyrənilməsi istiqamətində aparılan tədqiqatlar və alınan nəticələr barədə məruzə ilə çıxış etmişdir.  O, öz çıxışında  üsulun tətbiqinə başlandığı dövrdən texnika və texnolojiyaların təkmilləşdirilməsi ilə əldə edilən məlumatların dəqiqliyinin və informativliyinin daha da yüksəldiyini, onların etibarlılığının artmasını,  son illərdə  seysmik işlər nəticəsində tədqiqat dərinliyinin artırılmasına nail olunduğunu vurğulamışdır. YAÇ-ın şimal-qərb hissəsində xüsusi tədqiqatlar aparılaraq,  qeyd olunan dalğaların mənşəyi müəyyənləşdirilmiş, onların Mezozoy intervalında intişar etmiş çöküntülərin geoloji sərhədləri ilə əlaqədar faydalı dalğalar olması aydınlaşdırılmış və Mezozoy çöküntüləri intervalında fasiləli seysmik horizontları izlənməsi mümkün olmuşdur. Tədqiqat sahəsini əhatə edən profil şəbəkəsi üzrə izlənilən sərhədlər Mezozoydaxili çöküntüləri səciyyələndirən sxematik struktur xəritələri tərtib etməyə və onun əsasında bu çöküntülərin daxili quruluşu haqqında ilkin təsəvvür yaratmağa imkan vermişdir.

 


Gənc mütəxəssis T.N.Şıxməmmədova böyük maraqla dinlənilən məruzəsində seysmik kəşfiyyat və quyu geofiziki məlumatlarının kompleks interpretasiyası nəticəsində məhsuldar qatın horizontlarının litoloji-fasial xüsusiyyətlərinin öyrənilməsinə toxunaraq, aparılmış tədqiqatlar nəticəsində neftli-qazlı horizontların müəyyənlişdirilməsi imkanını qeyd etmişdir.

 


Q.Q.Abbasova Abşeron küpəsi və Qərbi Abşeron yataqlarında Mezokaynazoy çöküntülərini açmış quyu məlumatları əsasında sahənin tektonik xüsusiyyətləri, süxurların petrofiziki xassələrinin dərinlik boyu və sahə üzrə dəyişmə qanunauyğunluğu barədə məlumat vermişdir.

 


T.D.Qarayeva Paleogen dövründə kiçik Qafqazın şərq hissəsinin paleomaqnetizmi tədqiq etmək məqsədilə aparılan tədqiqatlardan və alınan nəticələrdən danışmış, Maqnit sahəsinin təşkiledicilərinin sahə  üzrə paylanması haqqında məlumat vermişdir.

 


Konfransın işinin yekununda müzakirələr aparılmış, gələcək planlar haqqında təkliflər irəli sürülmüşdür. Çıxış edən P.Z.Məmmədov, Ə.Ə.Feyzullayev, H.İ.Şəkərov, S.M.Astaxov (Rusiya), V.V.Boqoyavlenskiy (Ukrayna) konfransın keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, belə tədbirlərdə müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər arasında aparılan fikir mübadiləsinin əhəməyyətli olduğunu bildirmişlər. Sonda Azərbaycan Milli Geofizika Komitəsi İctimai Birliyinin sədri, və konfransın təşkilat komitəsinin həmsədri Ş.S.Köçərli konfrans iştirakçılarına öz dərin təşəkkürünü bildirmişdir. Bununla XI Azərbaycan Beynəlxalq Geofizika konfransı öz işini yekunlaşdırmışdır.