Geofizika və Geologiya İdarəsində tələbələrlə görüş

Azərbaycan Milli Geofizika Komitəsi İctimai Birliyinin və SOCAR-ın Geofizika və Geologiya İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye və Bakı Dövlət universitetlərinin geofizika ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirildi.

Görüşü AMGK-nin Səlahiyyətli Nümayəndəsi Şahvələd Köçərli açıq elan etdi və sözü Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinova verdi. E.Şirinov öz çıxışında AMGK-nin 2016-cı ildə yenidən qeydiyyatdan keçirilməsi, yeni Nizamnamənin hazırlanması və AMGK-nin fəaliyyətinin canlandırılması üçün böyük səylərin göstərilməsi barədə danışdı. O, həmçinin SOCAR-ın ali təhsil ocaqlarında təhsil alan istedadlı tələbələrə ayırdığı diqqətdən, Dövlət Neft Şirkətinin tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün «Yay təcrübəsi proqramı»ndan, SOCAR-ın təqaüd proqramından ətraflı məlumat verdi. GGİ-nin rəisi həmçinin qeyd etdi ki, belə görüşlərin keçirilməsi yeni nəsil neftçi geoloq və geofiziklərin yetişdirilməsində, gənclərin peşəkar mütəxəssis kimi formalaşmasında müstəsna əhəmiyyəti vardır. 

 

 

Azərbaycan Milli Geofizika Komitəsi İctimai Birliyinin sədri Şahvələd Köçərli görüşün əhəmiyyətindən danışaraq qeyd etdi ki hər bir sahə şərti olaraq üç hissəyə ayrılır: təhsil, elm və istehsalat və AMGK-nin əsas məqsədlərindən biri bu üç hissəni sıx əlaqələndirməkdən ibarətdir. Ş.Köçərli iştirakçıların nəzərinə çatdırdı ki, tələbələrlə görüşlər, onlar arasında viktorinaların təşkili çələcəkdə də davam etdiriləcək və Geofizika və Geologiya İdarəsinin rəhbərliyinə öz təşəkkürünü bildirdi.

Tələbələrlə görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Tofiq Əhmədov, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Geofizika Departamentinin rəisi, BDU-nun “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının müdiri Əli Novruzov, GGİ-nin geofizika və geologiya üzrə rəis müavini Yusif Şıxəliyev, ADNSU-nun Geologiya fakültəsinin dekanı Nəriman Nərimanov, BDU-nun Geologiya fakültəsinin dekan müavini Təranə Təhməzova, ADNSU-nun “Geofizika” kafedrasının müdiri Vaqif Seyidov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun laboratoriya müdiri Bəkir Məhərrəmov çıxış edərək belə görüşlərin keçirilməsini   gənclərin bu peşəyə olan marağının artması ilə nəticələnəcəyini bildirərək tələbələrə uğurlar arzu etdilər.

 

 

Hər universitetdən iki komanda olmaqla tələbələr arasında viktorina keçirildi. Münsiflər heyəti, AMGK üzvləri Miradil Zeynalov, Hafiz Şəkərov və BDU-nun Geologiya fakültəsinin dekan müavini Təranə Təhməzova komandaların cavablarını qiymətləndirərək  qalibiyyəti qazanmış komandanı müəyyən etdilər. Qaliblər ADNSU-nin tələbələri Emil İbrahimli, Qəni Qənizadə, Yunis Səmədov, Davud Ağayev olmuşlar.