«Azərbaycanda Geofizika Yenilikləri” (AGY) Elmi-Texniki jurnalının redaksiya heyətinin iclası

  17 yanvar 2018-ci il tarixində Geofizika və geologiya İdarəsinin akt zalında «Azərbaycanda Geofizika Yenilikləri” (AGY) Elmi-Texniki jurnalının redaksiya heyətinin iclası keçirilmişdir. İclas AGY Elmi-Texniki jurnalında məqalələrin dərci ilə əlaqədar məsələlərin müzakirəsinə həsr olunmuşdu. İclasa sədrliyi, “Azərbaycanda Geofizika Yenilikləri” jurnalının Baş redaktoru, SOCAR Geofizika və geologiya İdarəsinin (GGİ) rəisi Elçin Şirinov edirdi. İştirak edirdilər: Köçərli Ş.S., Bağırov E.B., Əhmədov A.M., Əhmədov T.R., Feyzullayev Ə.Ə., Kərimov K.M., Quliyev H.H., Məmmədov P.Z., Şəkərov H.İ., Yusubov N.P., Yetirmişli Q.C., Paşayev N.V., Seyidov V.M., Zeynalov M.A.

 

 

 

E.İ. Şirinov iclası açaraq hamını salamladı və qeyd etdi ki, keçirilən iclasın əsas məqsədi GGİ və Azərbaycan Milli Geofizika Komitəsi İctimai Birliyinin nəşri olan AGY Elmi-Texniki jurnalında dərc olunan məqalələrlə əlaqədar məsələlərin müzakirəsidir. Jurnalın işinin təkmilləşdirilməsi, dərc olunan məqalələrin keyfiyyətinin və sayının artırılması məqsədilə redaksiya heyəti üzvlərinin fikri bu baxımdan çox dəyərlidir. İlk söz, Azərbaycan Milli Geofizika Komitəsinin İctimai Birliyinin sədri, AGY jurnalının baş redaktorunun müavini Ş. Köçərliyə verildi. Ş. Köçərli Azərbaycan Milli Geofizika Komitəsinin İctimai Birliyi tərəfindən 2017-ci ildə görülən işlər barədə qısa məlumat verdi. Sonra o, qeyd etdi ki, jurnala təqdim olunan məqalələrin keyfiyyəti son zamanlar xeyli aşağı düşmüşdür. Adətən, AGY jurnalına dərc olunmaq üçün təqdim olunan məqalələr redaksiya heyəti tərəfindən ciddi şəkildə araşdırılır, lazım gəldikdə əlavə rəyə göndərilir. Bundan sonra qarşıya çıxan məsələlərə aydınlıq gətirmək üçün müəlliflərlə əlaqə saxlanılır. Qarşılıqlı razılaşma əsasında məqalələrə müəyyən düzəlişlər olunur və yalnız bundan sonra məqalə dərc olunmaq üçün “Azərbaycanda Geofizika Yenilikləri” jurnalına təqdim olunur. K. Kərimov qeyd etdi ki, AGY jurnalı uzun müddətdir ki, dərc olunur. Təəssüflə qeyd etmək lazımdır ki, son zamanlar ümumilikdə elmi məqalə yazan mütəxəssislərimizin sayı azalıb. Əgər mütəxəssis və ya alim elmi araşdırma aparırsa və yeni bir nailiyyət qazanırsa o, mütləq bu nəticəni elmi-texniki jurnallarda işıqlandırmalıdır.

 

 

 

Ə. Feyzullayev çıxışında bildirdi ki, hazırda əksər alimlərimiz öz məqalələrini xaricdə dərc olunan jurnallara təqdim edirlər. Bəlkə də buna görə Respublikamızda dərc olunan jurnallarda müasir tələblərə cavab verən məqalələrin çatışmazlığı müşahidə olunur, yaxşı olardı ki, xaricdə dərc edilən bəzi məqalələr bu jurnalda da verilsin. Bununla belə, biz çalışmalıyıq ki, respublikamızda dərc olunan digər jurnallara da məqalələr təqdim edək. Bu ilk növbədə bizim doktorantlara aiddir. Geologiya və geofizika məsələləri üzrə SOCAR vitse-prezidentinin müşaviri E.Bağırov AGY jurnalında dərc olunan məqalələri daim mütaliə etdiyini bildirdi. O, qeyd etdi ki, ilk növbədə biz özümüz çalışmalıyıq ki, hazırladığımız məqalələri bu jurnala təqdim edək. Jurnala təqdim olunan məqalələri nəzərdən keçirmək üçün işçi qrupunun yaradılması məqsədəuyğundur. Gənc mütəxəssislər və tələbələr arasında jurnalın təbliğatının artırılmasının vacibliyini, bununla yanaşı, aparıcı alim və mütəxəssislərin iştirakı ilə seminarların keçirilməsinin zəruriliyini də bildirdi. P.Məmmədovun fikrincə, məqalə azlığı hər jurnalda var, o cümlədən də AGY-də. İmpakt-faktor deyilən prinsip tam da yararlı deyil. Bizim jurnalın geridə qalmaması üçün çalışmalıyıq və yeniliklərə fikir vermələyik. N.Yusubov bəzən jurnalda hələ də zəif məqalələrə yer verildiyini qeyd etdi və təəsüfflə bildirdi ki, bəzi hallarda məqalələr o dərəcədə yenidən işlənir ki, müəllif fikri qalmamış olur.

 

 

 

Q.Yetirmişli – Dözülməz haldır ki, bəzən bizim mənfi rəy verdiyimiz məqalə jurnala ayaq açır. Bu baxımdan çox ciddi qayda olmalıdır. Jurnal beynəlxalq standartlara uyğun buraxılmalıdır. Biz bu barədə yardımçı ola bilərik. T. Əhmədov, F. İbadov, V. Seyidov, A. Əhmədov, H.Şəkərov öz çıxışlarında jurnalda dərc olunan məqalələrin səviyyəsinin artırılmasının vacibliyini, gənc alim və mütəxəssislərin məqalələrinin dərc olunmasına üstünlük verilməsinin, təqdim olunan məqalələrin aidiyyatı üzrə müvafiq mütəxəssislərə göndərilməsinin zəruriliyini qeyd etdilər. E. Şirinov iclasa yekun vuraraq, iştirak edənlərin hər birinə öz təşəkkürünü bildirdi. O, iclas iştirakçılarının hər birinin bundan sonra da “Azərbaycanda Geofizika Yenilikləri” jurnalında dərc olunan məqalələrin müzakirələrində, ümumilikdə Azərbaycan Milli Geofizika Komitəsinin tədbirlərində yaxından iştirak edəcəklərinə əmin olduğunu bildirdi. Ətraflı fikir mübadiləsindən sonra “Azərbaycanda Geofizika Yenilikləri” jurnalında dərc olunan məqalələrin müasir tələblərə uyğunlaşdırılması istiqamətində səylərin artırılması və “Azərbaycanda Geofizika Yenilikləri” jurnalına təqdim olunan məqalələrin ekspertizasını keçirmək üçün işçi qrupunun yaradılması məqsədəuyğun sayıldı.